Hörmətli energetiklər,
Cənubi Qafqazın ən böyük enerjisistemi olan Azərbaycan enerjisisteminin ardıcıl, möhkəm və sistemli inkişafının təməli keçən əsrin 60-cı illərinin sonlarından – Ümummilli liderimiz Heydər Əliyevin Respublikaya rəhbərlik etməyə başladığı vaxtdan qoyulmuşdur.
Energetika sektoru Azərbaycan iqtisadiyyatının effektiv struktur bölməsi kimi sürətlə inkişaf edir. Energetikanın tərkib hissəsi olan elektroenergetika da yüksək səmərəli texnologiyaların işlənib hazırlanması, həm fundamental tədqiqatların olmasını, həmçinin alınmış nəticələrin istehsalata tətbiqini nəzərdə tutur.
Müasir şəraitdə respublika elektroenergetikasının inkişaf perspektivlərinin işlənilmə metodologiyalarının təbliğ olunmasına həsr olunmuş “Azərenerji” ASC-nin və “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin təşəbbüsü və təsisçiliyi ilə “Elektroenergetika, elektrotexnika, elektromexanika+idarəetmə” adlı yeni jurnalın nəşri bu sahədə əldə olunmuş elmi və praktiki nəticələrin respublika energetiklərinə, həmçinin xarici mütəxəssislərinin diqqətinə çatdırılmasında müstəsna rol oynayacaqdır.
“Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin rəhbərliyinə, professor heyətinə, həmçinin mühəndis və elmi-texniki əməkdaşlarına respublikamızda energetika elminin inkişaf etdirilməsi, kadr potensialının artırılması, elmi nəticələrin tətbiq və təbliğ olunmasındakı əməyini yüksək qiymətləndirirəm və “Elektroenergetika, elektrotexnika, elektromexanika+ idarəetmə” jurnalının redaksiya heyətinə çətin və məsuliyyətli işində uğurlar arzulayıram.
Etibar Pirverdiyev
“Azərenerji” ASC-nin prezidenti
Hörmətli həmkarlar,
Son illərdə möhtərəm prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mükəmməl strategiya nəticəsində ölkəmiz nəinki regionun aparıcı dövlətinə, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilmişdir.
Ölkə iqtisadiyyatının aparıcı sahələrindən biri hesab olunan elektroenergetika sektorunun davamlı inkişaf məsələlərinə həsr edilmiş “Azərenerji” ASC-nin və “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin təşəbbüsü və təsisçiliyi ilə “Elektroenergetika, elektrotexnika, elektromexanika+idarəetmə” adlı yeni jurnalını təqdim etməkdən böyük məmnunluq duyuruq.
Jurnalın ildə iki dəfə energetikanın mühüm problemlərinin həllinin əks olunduğu mövzularla nəşr olunması nəzərdə tutulur. Jurnalın nəşrində əsas məqsəd – elektroenergetika sistemlərinin, elektrik stansiyalarının, yarımstansiyaların və onların əsas avadanlıqlarının, elektrotexniki komplekslərin, avtomatikanın və idarəetmə vasitələrinin, alternativ enerji mənbələrinin inkişafı və fəaliyyətinə həsr olunmuş yüksək səviyyəli məqalələrin çap olunmasından ibarətdir. Elektroenergetikanın inkişafı şəraitində enerji təhlükəsizliyi məsələlərinin, enerji effektivliyinin, elektroenergetikanın inkişafının iqtisadi prinsip və üsullarının işlənilməsi məsələləri bütün dünyada intensiv inkişaf etdirilir. Eyni zamanda müasir innovasiya texnologiyalarının tətbiqinin, alternativ enerji mənbələrinin rolunun qiymətləndirilməsinin, enerji sistemlərinin inkişafının iqtisadi aspektlərinin, elektroenergetika sahəsində dövlətlərarası kooperasiyanın sistem məsələlərinin və onun hüquqi bazasının vəziyyətinin qiymətləndirilməsi həllini gözləyən vacib məsələlərdəndir. Mövzular həmçinin sistem analizi, idarəetmə və informasiya təminatı, avtomatlaşdırma və texnoloji proseslərin idarəolunması və onların modelləşdirilməsi, elektrik və istilik texnikası, elektrik maşın və aparatları, elektrik intiqalı, yüksək gərginlik texnikası, elektrotexniki materiallar, iqtisadiyyat sahələrinin elektrik təchizatının əsaslarının inkişafı və istifadə olunmasını da əhatə edəcəkdir. Bu və digər sahələrdə orijinal tədqiqat nəticələri, elmi-tədqiqat vasitələrinin müasir tətbiqi vəziyyəti və şəraiti yerli və xarici mütəxəssislərin diqqətinə çatdırılacaqdır.
Jurnalda eyni zamanda energetika sahəsində keçirilən beynəlxalq və respublikadaxili simpoziumların, konfransların və seminarların materialları, dərc olunmuş monoqrafiyalar, müzakirələr, rəylər barədə informasiyalar və s. çap olunacaqdır.
Jurnalın nəşr olunmasında əməyi olan hər kəsi təbrik edir, redaksiya heyətinə gələcək işlərində uğurlar arzulayırıq. Beynəlxalq aləmin potensial müəlliflərini də “Elektroenergetika, elektrotexnika, elektromexanika+ idarəetmə” jurnalında öz elmi məqalələrini dərc etməyə dəvət edirik.
tex.e.d, prof. Nurəli Yusifbəyli
“Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış
Energetika İnstitutu” MMC-nin direktoru

"Elektrik enerjisi sah?si Az?rbaycan?n sosial probleml?rinin h?ll olunmas?nda xsusi rol oynay?r."
H. ?liyev




